ONN MEDİA

Qafqaz İslam Ordusu və Gəncə – Qasım Hacyev

08 Oktyabr 2018 - 17:04 Banner, Redaktor Seçimi, TARİX, TƏHSİL

ONN media "Turan Araşdırma Mərkəzi" İB-dən aldığ məlumata əsasən bildirir ki, TAM-ın "Tarixini unutma!" layihəsi çərçivəsində Respublikanın bir sıra regionlarında tədbirlərin keçirilməsi davam etdirilir. Bu tədbir çərçivəsində Gəncə şəhərində keçirilən "Qafqaz İslam Ordusu və Gəncə" mövzusunda TAM-ın idarə heyyətinin üzvü AMEA Qafqazşünaslıq İnstitutu Ermənişünaslıq şöbəsinin müdiri, t.ü.e.d Qasım Hacyevin məruzəsini oxuculara təqdim edirik:

Türkiyənin Azərbaycana hərbi yardım göstərməsinin müs­bət mənada siyasi həllinə nail olunmasında Ənvər paşanın çox böyük rolu olmuşdur. Onun iradəsi olmasaydı, sözsüz ki, Azərbaycana türk hərbi qüvvələri göndərilməyəcəkdi. Azərbaycanla bağlı Türkiyənin Almaniya ilə bağlı münasibətlərinin çox kəskin dəyişə biləcəyini və bunun çox xoşa gəlməz nəticələrə gətirib çıxara biləcəyini anlasa da, Ənvər paşa Azərbaycana kömək göndərmək fikrindən daşınmadı.

Azərbaycana hərbi yardım göstərilməsinin ilhamçısı Ənvər paşa idi. Bu məsələnin konkret həllini isə öz qar­daşı Nuri paşaya etibar etdi.

Ənvər paşanın turançılıq ideyası əsasında Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı həyata keçdi və Nuri paşanın komandanlığı altında Qafqaz İslam Ordusu ya­radıldı.

Qafqaz İslam Ordusunun təşkil edilməsi və Nuri paşanın rəhbərliyi altında olan bu ordunun müstəqil Azərbaycan dövləti ərazisində fəaliyyəti Rusiyanın, İngiltərənin, hətta Türkiyənin müttəfiqi olan Almaniyanın belə, çox böyük qəzəbinə səbəb ol­muşdu.

Bolşevik-daşnak təcavüzünün Bakıdan başlayıb, sürətlə Gəncəyə doğru genişləndiyi bir vaxtda Ənvər paşa din və dil qardaşlarının ha­rayından kənarda qala bilmdi.

Hərbi Nazirliyin binasında N.Şeyxzamanlı ilə görüşən Ənvər paşa Qafqaz İslam Ordusunun yaradılması barədə qərar qəbul etdiyini bildirmişdi.

Türk qüvvələrinin Azərbaycana dəvət edilməsi məsələsində bu şəxslər yekdil idilər.

Nuri paşa 1918-ci il mart ayının ikinci yarısında Azərbaycana doğru hərəkətə başladı, mart ayının 25-də onun heyəti Mo­sul şəhərinə çatdı, Mosul-Təbriz-Naxçıvan-Qarabağ-Yevlax-Gəncə marşrutu ilə gəldi.

Nuri paşa mayın 24-də axşam qatarla Yevlaxdan hərəkət etdi və mayın 25-də Gəncəyə çatdı. Gəncədə Nuri paşa və onun heyəti çox böyük təntənə və sevinclə qarşılandı.

Yuxarıda qeyd edildiyi kimi Qafqaz İslam Ordusu yaradılan­da ilkin olaraq belə düşünülmüşdü ki, Nuri paşa öz heyəti ilə Azərbaycan ordusunun təşkilatlandırılması ilə məşğul olacaq­dır və türk zabitlərinin rəhbərliyi altında Azərbaycanın milli hərbi qüvvələri ölkənin ərazi bütövlüyünün keşiyində duracaq­dır. Ancaq Nuri paşa Gəncəyə çatandan bir neçə gün sonra çox böyük sayda olan bolşevik və daşnak qoşunları Gəncəyə doğru hücuma başladılar. Onlar qısa bir zaman içində Gəncəni və bü­tün Azərbaycan ərazisini nəzarət altına götürərək, Azərbaycanın milli qüvvələrini məhv etmək niyyətində idilər. Belə bir şəraitdə, Azərbaycanda güclü ordunun təşkilatlandırılması üçün lazım olan kifayət qədər vaxt yox idi. Ona görə də Gəncəyə çatandan bir necə gün sonra Nuri paşa Şərq Ordular Qrupunun ilk komandanı olmuş, 3-cü Ordu komandanı Vehib paşaya məktub göndərərək Azərbaycandakı vəziyyəti onun diqqətinə çatdırdı və qarşıya qoyulan vəzifələrin həlli üçün Azərbaycana təcili hərbi qüvvələrin göndərilməsini xahiş etdi.

Nuri paşanın istəyi ilə köməyə gələn türk hərbi hissələri də həm Qa­zaxda, həm də Gəncədə böyük bir təntənə ilə qarşılandılar.

Türk hissələrinin Gəncəyə gəlməsi Nuri paşanın da böyük sevincinə səbəb olmuş­du. Çünki, bu qüvvələrin yetişməsi ilə Nuri paşa onun qarşısına qoyulan vəzifələrin həyata keçirilməsi üçün daha real imkanlar əldə edirdi.

Nuri paşa Gəncəyə gələndə Ə.Şıxlinski Müsəlman kor­pusunun (qolordusunun) komandiri idi. Sonradan bu qolordu Azərbaycan hökumətinin qərarı ilə Azərbaycan qolordusu adı aldı. Nuri paşa Ə.Şıxlinskinin savadına və təcrübəsinə çox bö­yük hörmətlə yanaşırdı. Onun Qafqaz İslam Ordusunda tətbiq etdiyi struktur da Ə.Şıxlinskinin zabit təcrübəsinə olan ehtiramından irəli gəlirdi. Nuri paşanın əmri ilə Azərbaycana gələn türk qoşun hissələri, o cümlədən 5-ci Qafqaz firqəsi təşkilati ba­xımdan Azərbaycan qolordusunun komandirinə tabe etdirildi. Bu qolordu isə öz növbəsində Qafqaz İslam Ordusuna tabe idi. Yəni, türk qoşun hissələrinin Nuri paşaya bağlılığı Ə.Şıxlinski vasitəsiylə həyata keçirilirdi.

Burada onu da qeyd etmək lazımdır ki, Azərbaycanda Qafqaz İslam Ordusunun, onun kiomandanı Nuri paşanın uğurlu xidmətlərində onun ətrafındakı zabitlərin də xüsusi rolu var idi. Yəni, zabitlər bir-birini tamamlayırdı. Nuri paşa olmadan ola bilsin ki, türk qoşun hissələri və onların komandir heyəti qarşıya qoyulan vəzifəni belə uğurla həll edə bilməzdilər. Eyni zamanda, Nuri paşanın ətrafında vəzifəsinə məsuliyyətlə yanaşan zabitlər olmasaydı ola bilsin ki, Nuri paşanın təşkilatçılıq keyfiyyətləri də özünün əməli həllini belə parlaq şəkildə tapa bilməzdi.

Qafqaz İslam Ordusunun Azərbaycanda icra etdiyi vəzifə onun komandanından tutmuş sonuncu əsgərinə kimi bütün şəxsi heyətin birgə fəaliyyətinin nəticəsi idi. Bu baxımdan Qafqaz İs­lam Ordusunun hər bir zabit və əsgəri Nuri paşanın silahdaşı idi.

Şahidlərin xatirələinə görə az bir zamanda asayiş təmin edilmiş, Gəncə, Qazax, Zaqatala, Nuxa, Ağdam, Ağdas, Cəbrayıl, Qarabağ məntəqələri ilə Zəngəzurun şərq qismini ehtiva etmək üçün geniş bir sahədə ida­rə və komandanlıq təsis edilmişdi.

Azərbaycanın müxtəlif bölgələrində yaşayan ermənilər Bakıdakı bolşevik-daşnak irti­cası ilə əlaqə saxlayıb Azərbaycanın milli qüvvələrinə zərbə vur­mağa daim hazır olduğunu bildirirdilər. Hətta Gəncənin erməni məhəlləsinin erməniləri də silahlanaraq Azərbaycanın milli qüvvələrinə arxadan zərbə vurmaq üçün məqam gözləyirdilər.

Buna görə də Nuri paşanın ilk döyüş əmrlərindən biri Gəncə ermənilərinin tərksilah edilməsi ilə bağlı idi. Bu tərksi­lah əməliyyatı 1918-ci il iyun ayınıun 11-12-də keçirildi. Gəncə ermənilərinin çox böyük sayda silahları var idi. Onların mü­qavimətini qırmaq üçün, bununla onları zərərsizləşdirməkdən ötrü güclü bir hərbi dəstə lazım idi. Nuri paşanın ixtiyarında isə yalnız 9-cu piyada alayı və 2-ci türk süvari alayı var idi. Bu alayların da qüvvələri yolların və məntəqələrin qorunması üçün dağıdılmışdı. Odur ki, qərargahın mühafizəsi üçün 9-cu alaydan yalnız bir taqım saxlanılaraq qalan qüvvələr ermənilərin tərk­silah edilməsinə göndərilmişdi.

Nuri paşa bu ilk döyüşlə çox ciddi bir sınaqla qar­şılaşdı. Bu sınaq ona ağır psixoloji təsir göstərdi. İlk döyüşdə erməni məhəlləsinin mühasirəsinin heç bir nəticə verməməsi, ermənilərlə ilk qarşılaşmanın belə uğursuz nəticələnməsi həm Nuri paşa üçün, həm də bütünlükdə türk hərbçiləri üçün gözlənilməz olşdu. Bu döyüşün gedişində Azərbaycana gəlmiş türk qüvvələri burada ilk şəhidlərini verdilər. Nuri paşa üçün aydın idi ki, bu vəziyyət həm qoşun bölmələrində, həm də gözlərini türk qoşunlarına dikən əhalidə bir ümidsizlik, bir çarəsizlik düşkünlüyü yarada bilərdi. Digər tərəfdən, o da aydın idi ki, bölgədə ad çıxarmış türk qoşunlarının belə uğursuzluğu erməni silahlı dəstələrini daha da ruhlandıracaq və onların müqavimətini artıracaqdı. Vəziyyətin beləcə qalması hər şeyin məhv olması ilə nəticələnə bilərdi. Ona görə də, ilk bir neçə həftəni Nuri paşa ağır mənəvi-psixoloji vəziyyətdə keçirdi. Gəncədə baş verən uğursuzluq yeganə sınaq deyildi. Buradakı vəziyyətin düzəldilməsi üçün Nuri paşanın əlində əlavə qüvvə də yox idi. Buna görə də yeganə çarə mövcud qüvvələrin mənəvi-psixoloji sarsıntılarını yox etmək idi. Gecə ərzində Nuri paşa buna nail ola bildi və birinci gün bir qədər ehtiyatlı hərəkət edən qüvvələr ikinci gün çox böyük iradə və qətiyyət nümayiş etdirə bildilər. Nəticədə ermənilər ağ bayraq qaldırdılar və silahlarını təhvil verməyə hazır olduqlarını bildirdilər.

Nuri paşanın Gəncəyə gəlməsi və Qafqaz İslam Ordu­sunun yaradılmasının ona tapşırılması Bakıda hakimiyyəti əlinə keçirən bolşevik-daşnak qüvvələrini ciddi təşvişə salmış­dı. Azərbaycanın bütün ərazisinə qeyd-şərtsiz hakim olmaq istəyən ifrat bolşevik və daşnak qüvvələri yaxşı anlayırdılar ki, Qafqaz İslam Ordusunun təşkilatlanması onların niyyətiərinin həyata keçməsinə imkan verməyəcəkdi. Qafqaz İslam Ordusu hələ təşkilatlanmamış, dövlət müstəqilliyini yenicə əldə etmiş Azərbaycanın milli qüvvələri nəfəs dərməyə imkan tapmamış Stepan Şaumyan və onun ətrafındakılar, əsasən ermənilərdən təşkil edilmiş bolşevik-daşnak qoşunlarına Gəncəyə doğru hücum əmri verdilmişdi. İyun ayının əvvəllərində bu qoşun hissələri Bakı-Gəncə dəmir yolu xətti boyunca və Bakı-Şamaxı-Göyçay şosse yolu boyunca hücuma keçdilər.

Nuri paşanın Gəncə ermənilərinin tərksilah edilməsi ilə baş­lanan gərgin günləri artmağa başladı. Bir sınaqdan çıxmağa macal tapmamış onu növbəti sınaq haqlamışdı. Türk qoşunları dişlərinə qədər möhkəm silahlanmış düşmən qüvvələri ilə üzbəüz gəlmişdilər. Bolşevik-daşnak qoşunlarının hücumunun qarşısının alınmaması çox ciddi faciələrə yol aça bilərdi. Hərbi təşəbbüs isə hələlik bolşevik-daşnak qüvvələrinin əlində idi və onlar da bu fürsətdən istifadə edərək irəliyə doğru hərəkət edirdilər. Bu isə sonrakı döyüşlərin gərgin başlanğıcı idi.

Beləliklə, tariximizin şərəfli anlarınan biri odur ki, Türkiyəli türk qardaşlar azərbaycanlı-türk qardaşlarını çox ağır günlərində köməksiz qoymadı. Bu həm də bütünlükdə türk xalqının, Azərbaycanın köməyinə gəlmək əzminin ifadəsi idi. Bu da şübhəsiz ki, Azərbaycanın müqəddəratı məsələsinə onun taleyini müəyyənləşdirəcək hadisələrə verilən əhəmiyyətin göstəricisi idi.

Nuri paşanın rəhbərliyi altında türk qoşun hissələrinin xalqın köməyinə yetişməsi Azərbaycan ziyalılarının və yaradıcı adamlarının da böyük sevincinə səbəb olmuş və onların yaradıcılıq mövzusuna çevrilmişdi. Bu tarixşünaslığımızda öz dəyərli yerini tutmaqla bərabər bədii yaradıcılıqda qələm sahiblərinin də türk qoşun hissələrinin gəlməsini və onların köməyi ilə xalqın nicat tapacağını böyük sevinc və iftixarla tərənnüm etməsinin də şahidi oluruq. Əhməd Cavadın "Ey əsgər" şerində bu xilaskar orduya bəslənən ümidləri, arzuları, sevgiləri böyük fərəh hissi ilə tərənnüm etmişdir.

                     
                       

ONN informasiya agentliyi


Çap et
Qafqaz İslam Ordusu və Gəncə – Qasım Hacyev

Qafqaz İslam Ordusu və Gəncə – Qasım Hacyev

Qafqaz İslam Ordusu və Gəncə – Qasım Hacyev

Qafqaz İslam Ordusu və Gəncə – Qasım Hacyev

Qafqaz İslam Ordusu və Gəncə – Qasım Hacyev

Loading...

Comments are closed.

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png