ONN MEDİA

Milli geyim milli ruhumuzun yüksəlməsində mühüm amildir

22 Noyabr 2018 - 21:01 MÜSAHİBƏ

ONN media -ın müsahibi milli geyim ustamız, milli geyimlərin yaranmasında elmi araşdırmalara, fəlsəfi, estetik yanaşmaya mühüm əhəmiyyət verən, Me_marelli moda evinin təsisçisi hörmətli Laləndər Novruzovadır.

Laləndər xanım, neçə müddətdir ki, milli geyimlərlə bağlı araşdırmalar aparırsınız, nümunələr hazırlayırsınız?

Milli geyimlərə məndə maraq hələ uşaqlıq dövrlərindən yaranıb. Rəhmətlik anam özü bizə çox yaraşıqlı, milli xüsusiyyətləri müəyyən qədər əks etdirən gözəl paltarlar tikərdi. Üçüncü sinifdən başlayaraq mən də nəsə tikməyə can atmışam. Daxilimdə hər zaman milli geyimlərə, onların nağılvari aləminə maraq olub. Bəzi kitablarda, filmlərdə milli paltarlar görəndə çox maraqla baxırdım. Daxilimdə bir milli geyim sevgisi yaşayırdı.

Bu maraq – 1991-92 ci illərdə Xoreqrafiya məktəbində işlədiyim zaman daha da artdı. Mən orada rəqqasların əynində milli geyimlər görəndə onlara sanki doğma insanlar kimi baxırdım. Xüsusilə, Azərbaycan SSR – nin və SSRİ – nin xalq artisti, dünya şöhrətli, gözəl bir xanım rəqqasımız Leyla Vəkilovanın, görkəmli rəqqasəmiz, Azərbaycan Dövlət Rəqs Ansambılnın yaradıcısı, Azərbaycan SSR – nın xalq artisti, çox maraqlı insan Xumar Zülfüqarovanın, Çox gözəl geyim rəssamı Tatyana Əmiraslanovanın geyimləri məni heyran edirdi. Məndə milli geyimlərə marağı artırırdı. Sonralar hiss etdim ki, mən bu geyimləri sadəcə sevmirəm, onları həm də yaratmaq istəyirəm. Bunun üçünsə məndə bu geyimlərə bir araşdırıcı marağı yarandı. Yəni, bu geyimlərin yarandığı qaynaqlar, bu geyimləri daha mili koloritli, daha gözəl yaratmaq üçün mənbələri axtarmağa başladım. Bu axtarışlar nəticəsində bir neçə vaxtdan sonra bir də baxdım ki, özüm yeni milli paltarlar tikməyə başlamışam.

 Bu araşdırmalar nəticəsində gəldiyiniz qənaətlər?

Qeyd edim ki, mən təhsil etibarı ilə rəssamam. Uzun müddətdir ki, kollecdə uşaqlara rəssamlığın sirlərini öyrədirəm, dərs deyirəm. Görünür rəssamlığım da mənim bu sənətə tələbkarlığımı xeyli artırır. Gəldiyim əsas nəticələr odur ki, bizim öz həqiqi, milli koloritli milli geyimlərimizi hazırlamaq üçün öyrənə biləcəyimiz mənbələr çox azdır. Yalnız bəzi kinolar, rəsm əsərləri ilə, az sayda tədqiqatlarla kifayətlənmək olmaz!

Əslində isə milli geyim milli ruhun formalaşmasında mühüm rol oynadığı üçün bu sahədə elmi araşdırmalarımız olduqca çox olmalıdır. Axı biz elə folklordan, bədii ədəbiyyatımızdan, tarixi əsərlərdən bilirik ki, bizim xalqın insanları ta qədimdən səliqəli, yaraşıqlı paltarlara çox əhəmiyyət veriblər. Xüsusilə

qadınlarımız bu məsələyə çox həssas olublar. Bəzi şairlərin, aşıqların şeirlərindən, gözəlləmələrindən də bu aydın görünür. Yaxud bəzi tarixçilərin, səyyahların da əsərlərində bu barədə məlumat vardır. Ola bilməz ki, belə zəngin bir tarixi olan, dəbdəbəli mərasimlər keçirən, hər zaman hökmdarları, onların şöhrətli sarayları olan bir xalqın zəngin, fərqli bir milli geyimləri olmasın! Milli geyim yaradıcılarının gözü daima öyrənmək üçün belə mənbələr axtarır. Materialımız çox azdır, ədəbiyyat mənbə qaynaqlar çox olmalıdır.

Yeni nəslin yetişməsində milli geyim amilindən geniş şəkildə istifadə etmək lazımdır. Körpə uşaqlarımıza belə, dünyaya göz açandan milli geyimləri sevdirmək lazımdır. Onların estetik zövqünün formalaşmasında milli geyimlər mühüm rol oynamalıdır. Gənclərimizə milli geyimlər barədə daha çox, məqsədyönlü məlumat vermək lazımdır. Mən öz təcrübəmə əsaslanaraq sizə deyə bilrəm ki, gənclərimizlə milli geyim, onun fəlsəfəsi, estetik üstünlüyü, milli ruhumuz üçün əhəmiyyəti barədə danışanda çox maraqlanırlar. Hətta özləri yeni, əhəmiyyətli təkliflər verməyə başlayırlar.

İndiki vaxtlarda incəsənət nümayəndələrimizin milli geyimlərdən istifadəsi barədə nə deyə bilərsiniz?

Ümumiyyətlə şəhərimizdə milli geyimə münasibət açınacaqlı haldadır. Bunu mənə şəhərimizə gələn qonaqlarım da deyir. Kişilərimiz bir qayda olaraq standart, dünyanın hər tərəfində zövqsüz təbəqənin istifadə etdiyi standart, daha çox qara rəngli paltarlara üstünlük verir. Qadınlarımızın geyimində xaotik bir vəziyyət var. Kim harda bir parıltılı paltar geyirsə alıb taxır əyninə. Hətta toy şənliklərində belə açıq görünür ki, qadınlarımızın əksəriyyəti əyinlərinə yaraşan, milli ornamentli paltarlar əvəzinə, hansısa sentimental xarakterli filmlərdə gördükləri paltarlara üstünlük verirlər. Bir çox qadınlarımız isə paltarın yaraşığına, estetik əhəmiyyətinə yox, daha çox bahalılığına üstünlük verir, öz maddi üstünlüklərini nümayiş etdirmək istəyirlər.

Belə bir vəziyyətin yaranmasının günahı həm də bizim incəsənət nümayəndələrindədir. Onların bir çoxu, televizyalara, konsertlərə, dövlət tədbirlərinə bayağı paltarlarda gəlirlər. Bu isə kütlənin estetik zövqünə mənfi təsir edir. Onlar nümunəvi geyinməlidirlər.

Bəzi incəsənət nümayəndələrimizin də geyimlərində müəyyyən qüsurlar görürəm.Tarixi ənənəmizə görə kişi geyimlərində çox bər-bəzək olmamalıdır. Kişi geyimi, kişini daha qüdrətli, vüqarlı göstərməlidir. Milli ornamentlərimizin də bir çoxu bu fəlsəfədən yaranıb. Amma bəzi incəsənət nümayəndələrimiz qərb, latın amerikası ölkələrinin hansısa bir artistini, rəssamını, müxtəlif sahələrdəki incəsənət nümayəndələrini yamsılayaraq alabəzək, qayəsi məlum olmayan paltarlar geyinirlər. Mən hər zaman buna tənqidi baxmışam.

Bəzən kiçik yaşlı oğlan uşqalarımız üçün də belə paltarlardan istifadə edirlər. Mən onlara irad bildirəndə deyirlər, əşi uşaqdır də. Nə olsun uşaqdır! Bu gələcəyin

kişisidir! Bu paltarlarla ona əsl Azərbaycan, türk kişisinin əxlaqını, qürurunu aşılamaq lazımdır. Onların psixologiyasını uşaq vaxtından belə pozmaq olmaz!

Çox maraqlı danışırsınız Laləndər xanım. İstərdim ki, bu sahədə tövsiyyələrinizi də deyəsiniz.

Çox istərdim ki, milli geyimlər sahəsində araşdırma aparanlar, milli geyimlər tikənlər bu işi sevən insanlar olsunlar. Bu işləri disertasiya, kitab yazmaq, kommersiya xatirinə etmək olmaz. Bu işlə səriştəli, milli ruhlu, milli ruhun əhəmiyyətini bilən admalr, ornamentin fəlsəfəsini bilən insanlar məşğul olmalıdır. Bir də baxırsan, səliqə ilə tikilmiş bir ornament tamamilə bizə yad bir elementdə də özündə əks etdirir. Yaxud neqativ energetika daşıyıcısı olan ornamentdir. Bəzək xatirinə onlardan istifadə etmək olmaz. Bunun bir səbəbi də, başqa ölkələrdən hazır ornamentlərin alınıb gətirilməsidir. Bəzən hansı ölkədənsə alınmış bəzəkli bir ornament ütü vasitəsi ilə bizim paltarlara pərçim edilir. Yaxud elə öz milli ornamentimiz olan buta kişi geyimlərində istifadə olunur. Bilmək lazımdır ki, bəzi ornamentlər ancaq kişi paltarları üçündür, bəziləri isə ancaq qadın paltarları üçün. Birdə görürsən kapron parça yeri gəldi gəlmədi istifadə olunur. Yaxud başqa tip parçalar mahiyyətinə uyğun olmayan yerlərdə istifadə olunur.

 Laləndar xanım bu sənətdə tanınmağınız çətinmi oldu? Necə oldu ki, Siz tanınmış modelyerlərdən biri kimi oldunuz?

Əvvəl bir həvəskar kimi milli geyimlər, müxtəlif paltarlar tikməyə başladım. Necə deyərlər, bu oldu mənim şəxsi kolleksiyam. Sonra bu nümunələri görən, bəyənən yaxınlarım, dostlarım üçün belə paltarlar tikdim. Bu sahədə biliklərimi dərinləşdirdim. Sonradan bəzi musiqi kollektivləri belə paltarlar sifariş verdi. Bu geyimlərə olan tələbkarlığım hesabına yaranan nümunələr Mədəniyyət Nazirliyimiz in də diqqətini cəlb etdi. Onların təşkil etdiyi sərgilərdəki nümunələrim yaxşı qarşılandı. Bu nümunələr Almaniyada, Rusiyada – Moskva və Sank-Peterburqda və s. başqa yerlərdəki sərgilərdə də nümayiş olundu. Bir sıra KİV – lər, saytlar, TV – lər bu barədə məlumat verdi.

Daha düzgün hazırlanmış milli geyimləri tanıya bilən təşkilatlar, insanlar arasında sifariş verənlər çoxaldı. Amma mən hələ bu sahədə öz istədiklərimə tam nail ola bilməmişəm. Bunun üçün daha çox çalışmağı qarşıma məqsəd qoymuşam.

Müsahibəni apardı:

Mehranə Vəliqızı

ONN informasiya agentliyi


Çap et
Milli geyim milli ruhumuzun yüksəlməsində mühüm amildir

Milli geyim milli ruhumuzun yüksəlməsində mühüm amildir

Milli geyim milli ruhumuzun yüksəlməsində mühüm amildir

Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png