ONN MEDİA

Qəlblərdə yaşayan şair Vaqif Məmmədovun şeirlərindən

14 İyun 2018 - 15:01 ƏDƏBİYYAT

Müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, Naxçıvan ədəbi mühitinin yetirməsi olan şair-publisist, tarix üzrə fəlsəfə doktoru, dosent mərhum Vaqif Məmmədovun şeirlərindən.

 

VƏTƏN SIĞIR ÜRƏYİMƏ

Ay təbiət, səxavətin çox imiş,

Hər varını bəxşiş etdin mənə sən…

Pay  verməkdə heç təmənnan yox imiş,

Büllur kimi ürək verdin mənə sən.

 

Deyirlər ki, ürək yumruq boydadır,

Nə yerləşər yumruq boyda ürəyə?

Dar qəfəsdə hey döyünmək qaydadır,

Bir gün yasda, bir gün toyda ürəyə

 

Dar qəfəsdə qala bilməz ürəyim,

Hər arzumu, qalsa, ora yığmazdım.

Yumruq  boyda ola bilməz ürəyim,

Belə olsa  Vətən ora sığmazdı…

 

Ürəyimsiz ağlamıram, gülmürəm

Hər istəyim ürəyimdə birləşir.

Böyükmüdür, kiçikmidir bilmirəm,

Ürəyimə təkçə vətən yerləşir

 

O KİŞİLƏR GEDİBDİ

Yuxuda atamı gördüm. Məndən öz yaşıdlarını-kəndin köhnə kişilərini soruşdu…

Daha o dağların əriyib qarı,

Gördüyün bağların sovulub barı,

Yormur daşıqçılar yorğun yolları,

Sən görən kişilər gedibdi daha…

 

Cığırı ot basıb, izi də qalmayıb

Arxaclar dağılıb, küz də qalmayıb.

Ocaq yerlərində köz də qalmayıb,

Sən görən kişilər gedibdi daha…

 

Biçənək yerini biçən azalıb,

Arandan yaylağa köçən azalıb,

Köhləni dayçadan seçən azalıb,

Sən görən kişilər gedibdi daha…

 

Dəyirman yerində daş qalıb indi,

Obalara, oymaqlar boş qalıb indi,

O yerlər yağıya tuş qalıb indi,

Sən  görən kişilər  gedibdi daha…

 

O gur ocaqların közü də gedib,

Buzlu bulaqların buzu da gedib,

Elə bil çörəyin duzu da gedib,

Sən görən kişilər gedibdi daha…

 

Kişnəyən atları minib gediblər,

Şam kimi əriyib, sönüb gediblər,

Şirin xatirəyə dönüb  gediblər,

Sən görən kişilər gedibdi daha…

 

 

Dünyanın

Qara bulud olub kədər gələndə

Qapqara  boyanar şalı dünyanın.

İnsan sevinəndə, insan  güləndə

Artar qırmızısı-alı dünyanın.

 

Dağların gözünün yaşı bir deyil,

Əngin zirvələrin qaşı bir deyil.

Baharı bir deyil, qışı bir deyil,

Hər fəsil dəyişər halı dünyanın

 

Əl tutub bir kölgə salan az olar,

Həyatdan kamını alan az olar.

Şöhrət zirvəsində qalan az olar,

Dəyişər çox zaman valı dünyanın.

 

Düşünmə çox olsun ömrün xoş günü,

Olarsan mənasız həyat düşkünü.

İşin düz gətirsə qarlı qış günü

Gül açar yamacı, yalı dünyanın…

 

Gün gələr hər  sözü deyə biməzsən,

Budaq yox, yarpağı əyə bilməzsən.

Bir tikə çorəyi yeyə bilməzsən,

Zəhərə çevrilər balı dünyanın

 

Varına güvənib qalxma sən zilə,

Nadantək düşərsən ağıza, dilə.

Çoxunu göndərib axır mənzilə,

Qalacaq dövləti-malı dünyanın.

 

Zirvədə qanadlan, sürün ya xırda,

Boş ömür yandırıb bil ki, yaxır da…

Ya şah ol, ya nökər, birdi, axırda

Düzülər üstünə Salı dünyanın


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png