ONN MEDİA

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Qara Qarayevin kino musiqisi” kitabı işıq üzü görüb

24 Sentyabr 2018 - 17:15 ƏDƏBİYYAT, MƏDƏNİYYƏT

“Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 oktyabr tarixli Sərəncamına əsasən Mədəniyyət Nazirliyinin dəstəyi ilə rus dilində “Qara Qarayevin kino musiqisi” («Киномузыка Кара Караева») kitabı “Şərq-Qərb” nəşriyyatında nəfis şəkildə işıq üzü görmüşdür. Kitabın müəllifi Nailə Mehdiyeva, ikinci nəşrin redaktoru isə Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadədir.

Mədəniyyət Nazirliyindən ONN media -ya verilən məlumata görə, kitab Azərbaycan musiqi mədəniyyətinin klassiki, görkəmli bəstəkar Qara Qarayevin yaradıcılığının bir qolunu – kinofilmlər üçün bəstələnmiş musiqiləri araşdıran tədqiqat əsəridir. Burada Qara Qarayevin bəstəkarı olduğu və 1938-1965-ci illəri əhatə edən filmlər təfərrüatları ilə nəzərdən keçirilmişdir. Kitabın əsas məğzini böyük bəstəkarın musiqisinin filmlərlə sıx bağlı analizi təşkil edir. Musiqilərin təhlili çox saylı not nümunələri ilə müşayiət olunmuşdur. Tədqiqatın başlanğıc fəsli Azərbaycanda kino musiqisinin inkişafının ilkin mərhələsinə işıq tutmuşdur. Kitabın sonunda Qara Qarayevin musiqi bəstələdiyi filmlərin siyahısı yer almışdır.

Kitab Nailə Mehdiyevanın tədqiqat əsərinin ikinci təkmilləşdirilmiş nəşridir. Əsər ilk dəfə 1966-cı ildə “Azərnəşr”də işıq üzü görmüşdür. İkinci nəşrdə mətnlə yanaşı yeni foto materiallar da təqdim olunmuşdur.

Kitab mütəxəssislərlə yanaşı, kinosevərlər və geniş ictimaiyyət üçün nəzərdə tutulmuşdur.

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png