ONN MEDİA

İnsan ruhunu qidalandıran şeirləri ilə Nizami Muradoğlu

30 Noyabr 2018 - 15:25 ƏDƏBİYYAT

Nə xəbər

Ömrün payızına payız xoş gəlir,
Bir az dolu gəlir, bir az boş gəlir.
Gah duman, gah çiskin, gah yağış gəlir,
Şaxtadan nə xəbər, qardan nə xəbər?!.

Yolunda canımı eylədim fəda,
Vəslinə yetişdi bir nadan-gəda.
Sükansız, kompassız gəmim dəryada,
Yönləri itirdim, hardan nə xəbər?…

Misralar qarışdı alın yazımda,
Qalmadı əvvəlki sevgi-nazım da.
Nalə haray çəkir könül sazımda,
Kamandan nə xəbər, tardan nə xəbər?!.

Bulud süründükcə başımın üstə,
Son misra yazılır qaşımın üstə.
Elçilər oturub daşımın üstə,
A zalım balası, yardan nə xəbər?!..

 

BAYRAĞIM

Şəninə nə deyim, deyilməyibdi?..
Ucadan ucasan uca bayrağım!
Qəlbimdən bir nisgil əksilməyibdi –
Təbrizdə, Kərkükdə aça bayrağım…

Başında mavi rəng – göy türkdən gələr.
Köksü qırmızıdır – şəhid sinələr.
Yaşıl geyimiylə müsəlləh əsgər, 
Tanrı dərgahında uça bayrağım.

Mənalar axtardım keçən izində,
Min arzu, min istək ulduz gözündə.
Şuşa qalasında, Cıdır düzündə
Bağrı param-parça, tikə bayrağım.

Məramı alidir, nişanı çoxdu,
Düşmənin köksünə saplanan oxdu.
Mərdlər sınağından şərəflə çıxdı,
Götürməz üstünə ləkə bayrağım.

And yeri əsgərin, şəhidimin də…
Qazinin, alimin, hər bir fərdin də.
Xalqımdan dilərəm vəsiyyətimdə,
Öləndə üstümə çəkə bayrağım.

Yox,hələ ölmərəm, görməsəm əgər, 
Qəhrəman əsgərin əlində xəncər, 
Rəvan qalasının yerinə sancar, 
Ordan öz nurunu saçar bayrağım.

 

Bu millət

Ətəyində armud, badam, dağdağan,
Səhər-səhər açılanda dağda dan.
Nərəsindən qaya ürkən, dağ doğan
İgidlərin qüvvətidir bu qüvvət.

Beşiyində Nigarının dərdi var,
Layla çalar, dərd ağlayar dər-divar.
Bu vətəndə Qarabağın dərdi ar, 
Namus, şərəf söhbətidir bu söhbət.

Atillası əldə əmud, ya süngü,
Qılıncı var- Şah İsmayıl qılıncı.
Nədən oldu bu dünyanın gülüngü?!-
Məkr, hiylə illətidir bu illət.

Xanlar gəda havasına oynamış,
Bir çiyinlik nəmər almış, doymamış.
Alçaq niyyət, gödən qazan, boy qamış-
Zillətlərin zillətidir bu zillət.

Bu gen dünya Koroğluya dardısa,
Mübarizlər-ölümsüzlər vardısa.
Üstümüzə yağan yağış, qardısa,
Zərrə nurun xiffətidir bu xiffət.

Dur ayağa, Vətən oğlu, bərk dayan,
Ya sən yandır, ya oduna bərkdə yan.
Baxılırmı papağa yan, börkə yan?-
Babaların qeyrətidir bu qeyrət.

Getdiyimiz bu yol Haqqın yoludur,
Nankor olan məxluqlar var unudur.
Azərbaycan türk yurdudur, uludur,
Qoca Türkün millətidir bu millət.

ONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png