ONN MEDİA

“İlham Əliyev. İnkişaf- məqsədimizdir” çoxcildliyinin 71-ci kitabı çapdan çıxıb

22 Oktyabr 2018 - 12:40 ƏDƏBİYYAT

ONN media xəbər verir ki, “İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin 71-ci kitabı çapdan çıxıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 71-ci kitabındakı materiallar 2015-ci ilin oktyabrından dekabr ayınadək olan dövrü əhatə edir.

Həmin dövrdə Azərbaycanın yüksək səviyyədə təmsil olunduğu mühüm beynəlxalq tədbirlərdən biri Antalyada “Böyük İyirmilik” ölkələri liderlərinin Sammiti olub. Kitabda Prezident İlham Əliyevin Zirvə görüşündə iştirak etmək üçün Türkiyəyə işgüzar səfəri zamanı Sammit çərçivəsində iqtisadi inkişaf, sərmayələr, məşğulluq mövzularında keçirilən müzakirələrdə çıxışı, terrorizmə qarşı mübarizə və qaçqınlar böhranı mövzusunda müzakirələr barədə materiallar yer alıb. Nəşrə dövlətimizin başçısının Sammitlə bağlı hazırlanmış xüsusi buraxılışda dərc olunmuş “Ümumi strategiyanın formalaşdırılması” məqaləsinin mətni daxil edilib. Həmin məqalədə deyilir: “Azərbaycan dünyanın ayrı-ayrı bölgələrinin etibarlı enerji təchizatı, aztəminatlı ölkələrdə ərzaq təhlükəsizliyi probleminin həlli ilə bağlı planları alqışlayır. Azərbaycan ölkələr arasında səmərəli və proqnozlaşdırıla bilən ticarət rejiminin yaradılması, qlobal səviyyədə insanların sosial vəziyyətinin yaxşılaşdırılması, investisiyaların təşviqi, gender bərabərliyi, qadınların məşğulluğunun gücləndirilməsi və digər məsələlərə dair irəli sürülmüş təşəbbüslərə qoşulur, bu istiqamətlər üzrə həyata keçirilməsi nəzərdə tutulan əməli tədbirləri dəstəkləyir”.

Kitabda Azərbaycan Prezidentinin Gürcüstana rəsmi səfəri zamanı Birgə Bəyannaməni imzalamasına, Marneulidə “Çay evi” Tədris Mərkəzi ilə tanışlığına, Fransaya işgüzar, Belarusa rəsmi və Çin Xalq Respublikasına dövlət səfərlərinə, dövlətimizin başçısına Çinin Renmin Universitetinin “Tarix üzrə Fəxri professor” diplomunun təqdim edilməsi mərasiminə dair informasiyalar toplanıb.

Bu cilddə Prezident İlham Əliyevin müxtəlif nitq və çıxışları, KİV-lərə bəyanatları, həmçinin məktubları ilə tanış olmaq mümkündür.

Çoxcildliyin bu kitabına Azərbaycan Prezidentinin Yaponiya, Monteneqro, Rusiya, Pakistan, Malta, Avstraliya, ABŞ, Böyük Britaniya və digər dövlətlərin, Beynəlxalq Mülki Aviasiya Təşkilatı, Dünya Bankı, ATƏT, BMT və başqa təşkilatların yüksəkvəzifəli şəxslərini, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Daimi Komitəsinin həmsədrlərini qəbul etməsi barədə materiallar daxil edilib.

Kitabda Prezident İlham Əliyevin AMEA-nın 70 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqinin, Azərbaycan Respublikası V çağırış Milli Məclisinin ilk iclasında, ISESCO Baş Konfransının Bakıda keçirilən XII sessiyasının açılışında çıxışlarının mətnləri də verilib.

Oxucu 71-ci kitabda ölkə rəhbərinin Zaqatala rayonuna, Şəki şəhərinə, Naxçıvan Muxtar Respublikasına səfərləri zamanı nəqliyyat və sosial infrastruktur, mədəniyyət obyektlərinin, təhsil müəssisələrinin, körpələr evi-uşaq bağçalarının yeni binalarının açılışlarında iştirakına, ictimaiyyət nümayəndələri ilə görüşlərinə dair materiallarla tanış ola bilər. Dövlətimizin başçısının Bakıda yeni salınan yolların, parkların, yenidən qurulan küçə və prospektlərin açılışında, Sumqayıtda yüksəksıxlıqlı polietilən zavodunun təməlqoyma mərasimində, “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimində iştirakı barədə materiallar da bu nəşrdə yer alıb.

Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri verilib.

“Azərnəşr” tərəfindən buraxılan 71-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin materiallarından istifadə olunubONN informasiya agentliyi


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png