ONN MEDİA

“Beynəlxalq qızlar günü”nə özəl…

11 Oktyabr 2018 - 14:52 CƏMİYYƏT

“Beynəlxalq qızlar günü”nə özəl…

Gözləri saatla qapı arasında körpü salmışdı sanki. Saatın əqrəbləri irəlilədikcə, ürəyinin bir az daha artan döyüntüsü, az sonra işdən qayıdacaq atasının ayaq səslərinin sədası kimi gəlirdi ona: tup-tup, tup-tup, tup-tup… Bu gün onun ad günü idi. Həyatının 13-cü ilinə qədəm qoyurdu Lamiyə. Atası səhər işə gedəndə söz vermişdi, bir aya yaxındır qızının ondan istədiyi kitabı bu gün alıb gətirəcəkdi. Gətirməli idi… Axı o, sinifdəki qızlara: “sabah hökmən o kitabla gələcəm, görəcəksiniz” – deyərək lovğalanmışdı.

Qapı döyüldü. “Tap-tap-tap”. Lamiyənin qəlbinin döyüntüsü bir az daha artdı, amma buna səbəb bayaqdandır bütün bədəninə hakim kəsilən həyəcanın təsiri deyildi artıq. Lamiyə bu “tap-tap-tap”ı yaxşı tanıyırdı. Anası, tələsik mətbəxdən çıxıb, əllərini yaxasına bağladığı önlüyə silə-silə qapıya tərəf qaçdı. Açılan qapının önündə dayanan atasını görəndə Lamiyənin çiyinləri düşdü, bayaqdandır gözlərində sezilən parıltı və üzündəki təbəssüm söndü. O ayağa qalxdı, heç nə demədən, başını aşağı salıb, öz otağına getdi. Bundan sonra nələrin olacağını bilirdi. Atası bu axşam da evə sərxoş gəlmişdi.

O pəncərənin önünə yaxınlaşdı. Pərdənin arxasından çölə boylandı. Payız cəmi bir iki ay əvvəl yamşalış olan ağacların yarpaqlarını xəzələ çevirib sovurmuşdu artıq. Qonşuluqda yaşayan Tağı dayı qapılarının önündə dayanıb, zəngi basırdı. Hər iki əlində böyük bağlamalar var idi. Qapı açılan kimi, onun Lamiyədən cəmi bir yaş böyük olan əkiz qızları atalarının boynuna sarıldırlar. Bu gün onlar da doğum günlərini qeyd edirdilər. Tağı dayı onların əlindən içəri keçməyə macal tapmadı. Əlindəki bağlamaları onlara verdi və qapı, üzünə təbəssüm qonmuş üç simanı arxasında gizlətdi.

Əkiz bacılardan biri – Səlminə həkim olmaq istəyirdi. Digəri – Gülər isə mühəndis. Bəs o? Lamiyə? Böyüyəndı nə olacaqdı? Arzuları, xəyalları, ümidləri varmıydı? İki gün əvvəl bir küçə aşağıda yaşayan Sahibə xala onlara qonaq gəlmişdi. Sahibə xalanın anası ilə olan söhbətinin qırıntıları qapı aralığından ona da gəlib çatırdı.

* Böyük oğlumla bacım qızının “hə”sini aldım dünən. Bir ilə də toylarını edəcəyik, Allah qoysa.

* Ay Səkinə, sənin oğlun ondan 7-8 yaş böyükdür axı mən bilən.

* Olsun da, burda nə varki?

* Heç nə, amma qızın yaşı azdır axı. 16 yaşı var deyirsən.

* Heç nə olmaz. Mən də ərə gələndə o yaşda idim elə.

* Hmmm… Oğlunla qız istəyiblər yəgin bir-birlərini hə?

* Oğlum bəyənir təbii ki, qız da ki, hələ uşaqdır. Nə qanır sevgi nədir? Gələr, sevər. Sənin qızının neçə yaşı var?

* 13 olacaq.

* Hə, hələ tezdir, amma çox gözləmə sən də. 3-4 ildən sonra, istəyən olan kimi ver getsin.

* Eh… nə bilim. Bəlkə də düz deyirsən. Onsuz da oxuyası deyil. Atası qoymaz. Heç elə bir imkan da yoxdur…

Zərblə divara dəyib sınan şüşə qabın səsi, Lamiyəni real həyata qaytardı. Anasının ağladığını eşitdi. Otaqdan çıxmaq istədi, amma sonra qardaşının səsini eşidib fikrindən daşındı. Pərdəni aralayıb, Tağı dayıgilin evinə tərəf boylandı. Səlminə ilə Gülərin otağının pəncərəsində işıq yanırdı. Lamiyənin yanağından iki damla yaş süzüldü. Çöldə yağış başlamışdı.

Bu kiçik yazı, eyni səmanın altında doğulub, fərqli həyatlar yaşayan qızlara həsr edilir… Bu kiçik yazı, Lamiyə qədər şanslı ola bilməyib, sırf qız olduğu üçün dünyaya gətirilməyən körpələrə həsr

edilir… “Lamiyə qədər şanslı”! Öz sözümə özüm gülürəm əslində, ağlanmalı vəziyyətə gülən insanlar kimi. Lamiyə kimi “şanslılar”ımız nə qədərdi görən? Öz seçimi olmayan, sadəcə həyatı yox, arzuları, xəyalları, ümidləri belə əlindən alınan “şanslılar”ımız?!

Əl çörəyi yox, ər çörəyi, üstünə də “desert” olaraq ər kötəyi yenən “qızlar”ımız nə qədərdi görən? Fərqli ailələrdə, fərqli şəhərlərdə, fərqli ölkələrdə, fərqli iqlimlərdə doğulub, eyni həyatı paylaşanlar nə qədərdi görən?

Bu gün “Beynəlxalq qızlar günü”dür. Bu günün keçirilməsində əsas məqsəd qızların hüquqlarının müdafiəsinə diqqəti yönəltməkdir. Bir çox cəmiyyətlərdə mövcud olan qızlar və oğlanlar arasındakı ayrıseçkiliyin aradan qaldırılmasına təkan verməkdir.

Əziz valideynlər! Övladlarınızı sevin. Qız, oğlan fərq etməz, amma qızlarınızı bir az daha çox əzizləyin. Çünki onlar zərifdirlər. Əzizləyin ki, sevildiklərini bilsinlər. Önəmli olduqlarını hiss etsinlər. İcazə verin böyüsünlər. Sizinlə birlikdə böyüsünlər. Övladları ilə birlikdə yox! Böyüməyin nə demək olduğunu dərk edərək böyüsünlər. Vaxtında, zamanında böyüsünlər. Hər yaşın gözəlliyini, özəlliyini hiss edərək böyüsünlər.

Bilsinlər ki, cəmiyyətin inkişafı onlara bağlıdır. Bilsinlər ki, onlar öz ayaqları üzərində dayanmalı, ali təhsil almalı, özləri fərd olaraq yetişməli və yalnız bundan sonra başqa, yeni bir fərdi yetişdirmək kimi, böyük bir məsuliyyətin ağırlığını çiyinlərinə almalıdırlar. Ən azı bunu bilmək onların haqqıdır. Bu haqqı onların əlindən almayın!

“Beynəlxalq qızlar günü”nün qeyd edilməsinə ehtiyac qalmayacaq zamanın tezliklə yetişməsi ümidi ilə… Gününüz mübarək, əziz qızlar!

Gülnar Fazilqızı


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png