ONN MEDİA

Azərbaycan qadını: hürr və azadə

11 Oktyabr 2018 - 12:02 CƏMİYYƏT

“Bir kişiyə təhsil verməklə savadlı bir insan qazanarsınız. Bir qadına təhsil verməklə isə savadlı bir ailə və cəmiyyət”. (Z.Tağıyev)

Qadınlar sağlam cəmiyyətin təməl daşlarıdırlar. Təməl nə qədər möhkəm olarsa, cəmiyyət də bir o inkişaf edər, irəli gedər. Bunun üçünsə qadın (ki, o həm də anadır) savadlı, xoşbəxt və azad olmalıdır. Son əsrlərin ictimai-siyasi fikir tarixinə nəzər saldıqda görürük ki, “qadın azadlığı” məsələsi həlli vacib olan ən mühüm problemlərin sırasında xususi yer tutub. Çünki qadını ictimai həyatdan təcrid etmək, onu avam və kölə vəziyyətində əsarətdə saxlamaq dünya sivilizasiyasını ləngitmək demək olardı.

Tarix göstərir ki, XVIII əsrdə Fransada baş qaldıran “Qadın hərəkatı”nın  Şərqə təsiri XIX əsrin sonları XX əsrin əvvəllərinə təsadüf edir.

Qadınların hüquqsuzluq və köləliyə qarşı ucalan etiraz səsi Azərbaycanda da eşidilməyə, əks səda doğurmaya bilməzdi.

Münəvvər xanım Əlixanova “İşıq” jurnalında (1912-ci il, № 11-12) qadınlara müraciətlə yazırdı: “Bizə elm fənn ilə bərabər hürr və azadəlik həm vacibəraqdır”.

Azərbaycan qadını öz hürr və azadəliyinə tam olaraq 1918-ci ildə ilə qovuşur. Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə qadına seçmək və seçilmək hüququ verən ilk demokratik dövlət olur.  

Qeyd etmək yerinə düşər ki, həmin dövrlərdə inqilabın beşiyi sayılan Gəncənin də mədəni və təhsil həyatında oyanma, tərəqqi hiss olunurdu. Gəncədə ilk addımlarını atan Azərbaycan Xalq Cümhuriyyətinin hər bir tədbiri gənc milli qüvvələri hərəkətə gətirirdi. Vətəninə, millətinə xidmət etmək istəyən gənclər arasında o vaxtın müvafiq şərtləri altında  az-çox təhsil almış qızlar da var idi.

Adıgözəlov adına Gəncə şəhər ali ibtidai qız məktəbini bitirmiş xanımlar daha sonra yeni açılmış qısa müddətli pedoqoji kurslarda oxuyur, müəllimlik hüququ qazanır,  məktəblərdə dərs deyir, yetimxanalarda, ilk uşaq tərbiyə ocaqlarında çalışırdılar. Bu baxımdan Gəncənin Ozan küçəsindəki xüsusi evdə, molla Həcər Hacıyevanın iki sinifli şəxsi məktəbi də önəmli rola malik idi.

Sabir Gəncəli “Qadın, gözəllik və ülviyyət” kitabında vaxtı ilə molla Həcərin məktəbində oxuyan və Gəncənin ictimai-siyasi həyatında faəl iştirak edən xanımlardan biri, Yaqut Babaxanova-Atayevanın dilindən bunları nəql edir: 

“Molla Həcərin məktəbi iki sinifli kiçik bir ibtidai təhsil ocağı idi. Burada 60 nəfərdək qız oxuyurdu. Məktəbdə şəriət, ana dili və rus dili dərsləri keçirilirdi. Molla Həcər ləqəbi ilə tanınmış bu qadın xeyirdə-şərdə başda olan bir şəxs idi. Şəriət və ana dilini, bir qədər də ədəbiyyatı özü qızlara tədris edirdi. Çox zabitəli, ciddi idi. Onda xalq pedaqoquna məxsus sifətlər vardı. Məktəbdə əl işi tikmələri də öyrədilirdi”.

1901-ci ildə  Gəncədə doğulan Firuzə Ağayeva – Qayıbova  da ilk təhsilini molla Həcərin iki sinifli şəxsi məktəbində alır. Adıgözəlov adına şəhər qız məktəbində oxuyur. Daha sonra Gəncədə gimnaziya nəzdində açılmış pedaqoji kursda təhsilini davam etdirərək müəllimlik şəhadətnaməsi alır. Firuzə xanım da Gəncənin ictimai-siaysi həyatında özünə yer etməyi bacaran xanımlardan olub. O müəllimlik fəaliyyətinə Gəncənin ilk maarifpərvər qadınlarından olan şairə Asiya Axundzadənin məktəbində başlasa da, 1918-ci ildə görkəmli maarifçi İsmayıl bəy Qayıbovun Bağman qəsəbə məktəbinə dəyişdirilir. Firuzə Qayıbova müharibənin ağır dövründə, 1942-ci ildə xalq qarşısında xidmətlərinə görə Azərbaycanın Əməkdar Müəllimi fəxri adına layiq görülür. O,  sadəcə gənc nəslin təlim-tərbiyyəsi ilə məşğul olan bir pedaqoq deyildi, o həm də ana idi. 7 övlad anası. Firuzə xanım xalq qarşısında yalnız pedaqoq kimi xidmət göstərməmişdi, o həm də İsmət Qayıbov kimi oğul vermişdi, əvvəl vətənə, daha sonra isə vətən torpağına…

Həmin dövrdə maarifçi qadınlarla yanaşı, milli azadlıq hərəkatında və yeni cəmiyyət quruculuğu uğrunda mübarizəyə qoşulan qadınlar da var idi. Onlardan biri Maxaçqalada doğulmuş Şərəbanı xanım idi. Azərbaycanda qadın azadlığı hərəkatının fəal mübarizlərindən biri hesab olunan Şərəbanı xanım inqilabi işə 1904-cü ildən qoşulur. O, öz həyatını Rus inqilabının və vətəndaş müharibəsinin iştirakçısı Hidayət Eminbəyli ilə bağlayır, mübarizə yollarında onunla bir addımlayır. Lakin 1919-cu ildə Hidayət Eminbəyli Həştərxanda ağ qvardiyaçılar tərəfindən öldürülür. Bundan sonra Şərəbanı xanım azadlıq uğrunda mübarizədə daha əzmkarlıqla iştirak etməyə, həyat yoldaşının əqidəsini yaşadaraq Gəncədə qadınlar arasında geniş ictimai-siyasi iş aparmağa başlayır. Bu mübarizə onun həyatının amalı və məqsədinə çevrilir…

Əslində hər bir qadının həyatı mübarizədir. Doğulduğu mühit, onu əhatə edən cəmiyyətdən asılı olaraq hər bir qadın fərqli şəkildə də olsa, mübarizə aparır. Kimi yaşamaq, kimi yaşatmaq, kimi təhsil almaq, kimi təhsil vermək, kimi sevmək, kimi də sevilmək üçün çalışır. Bu dünyada belə “kimi”lər çoxdur və  hər birinin də fərqli həyat hekayəsi var. Sevinci, kədəri, gülüşü, göz yaşı, qazandıqları və itirdikləri ilə…

Nəzər saldığımız “qadın hekayələri”ndən də aydın olur ki, belə “kimi”lər arasında Azərbaycan qadınları da az deyil. Öz yüksək analıq keyfiyyətləri, sədaqəti, vəfası, zəkası, müdrikliyi və qəhrəmanlığı ilə milli mənəvi dəyərlərin formalaşması və inkişafında böyük rol oynamış Azərbaycan qadını. Tarix göstərir ki, Azərbaycan qadınları bütün dövrlərdə xalqın taleyüklü məsələlərinin həll edilməsinə öz töhfələrini veriblər. Lazım gəlib klassik poeziyanın ən gözəl nümunələrini yaradıblar, ehtiyac olub at belində qılıc çalıb, dövlət idarəçiliyində öz sözlərini deyiblər.

XX əsrdən etibarən isə qadının cəmiyyətdəki rolu daha da yüksəlməyə başlayıb. Həm Azərbaycan Xalq Cümhuriyyəti dövründə, həm də Sovet Hakimiyyəti illərində yaradılan şərait qadınların formalaşmaqda olan cəmiyyətdə öz yerlərini tutmalarına və elə həmin cəmiyyətin sağlam təməllər üzərində qurulması üçün çalışmalarına əsas verib. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra isə qadınların cəmiyyətdəki yeri və rolu daha da möhkəmlənib. Bu gün müasir Azərbaycan qadını ictimai-siyasi həyatın bütün sferalarında, elm, mədəniyyət, təhsil, səhiyyə, idman və digər sahələrdə layiqincə təmsil olunur. Bu gün Azərbaycan qadınının səsi beynəlxalq tribunalardan gəlir. O səs ki, sədasında zərifliklə barəbər mübarizlik və güc hiss olunur. Çünki qadın əslində zəif yox, zərifdir!

Deyirlər kişilərlə bərabərlik tələb edən qadınların ambisiya çatışmazlığı var. Burda türkiyəli sənətçi Neşet Ertaşın bir fikrini qeyd etmək yerinə düşər. O deyib ki, qadın insandır, kişilər – insan oğlu. Bu sözlərin dərininə enib mahiyyətinə vardıqda qadının bəşər tarixində hansı mövqedə dayandığı daha aydın görünür. Gərəkdir ki, qadın öz dəyərini və cəmiyyətdəki yerini bilsin. Gərəkdir ki, qadının dəyəri və cəmiyyətdəki yeri bilinsin.

Qadın başlanğıcdır! Sevginin, gözəlliyin, xoşbətliyin başlanğıcı. Həyatın başlanğıcı! Bu da o deməkdir ki, qadın azad, savadlı və xoşbəxt olarsa, dünya daha da gözəlləşər. Hüseyn Cavid yaxşı deyib axı:

Qadın gülərsə şu issız mühitimiz güləcək, 
Sürüklənən bəşəriyyət qadınla yüksələcək!

Hürr və azadəliyimizin 100 ili mübarək, əziz qadınlar!

Gülnar FAZİLQIZI


Çap et
Loading...

Fikir bildir

ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png